“Hərbi hissədə orqan mafiyası faktı ciddi araşdırılmalıdır”-İTTİHAM

Ələkbər Məmmədov: “İntihar edən əsgərə görə komandirlər məsuliyyət daşıyır”

Bərdədə yerləşən "N" saylı hərbi hissədə intihar edən əsgər, 18 yaşlı Pərvin İsgəndərlinin anası mətbuata şok faktlar açıqlayıb. Müdafiə Nazirliyi tərəfindən verilən rəsmi açıqlamada əsgərin özünü öldürdüyü bildirilsə də, mərhumun anası Kifayət İsgəndərova övladının intihar etmədiyini söyləyib. O bildirib ki, oğlu 4 zabit tərəfindən döyülüb qətlə yetirilib və sonra da asılıb. Əsgər anası hətta oğlunun meyidinin də orqan mafiyasının əlinə keçdiyini və onun daxili orqanlarının çıxarılıb xaricə satıldığını iddia edib.
Kifayət İsgəndərovanın mətbuata verdiyi açıqlamadan sonra Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu hadisə ilə bağlı birgə məlumat yayıb. Məlumata görə, araşdırmalar zamanı məlum olub ki, mərhum Pərvin İsgəndərli əsgər yoldaşları tərəfindən incidilib və ona görə də intihar edib. Faktla bağlı əsgərlər Şahin Xudiyev, Vüsal İskəndərli, Vidadi Mustafayev və Sabir Musayevə 23 iyul 2012-ci il tarixdə CM-nin 182.2.1, 332.3 və digər maddələrində nəzərdə tutulan ittihamlar elan edilib və hərbi məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Ələkbər Məmmədov da məsələ ilə bağlı araşdırma aparıb. Hüquq müdafiəçisi "OLAYLAR"a açıqlamasında bildirib ki, əsgər anasının qaldırdığı məsələlər ciddi ittihamdır. Xüsusən də əsgərin öldükdən sonra daxili orqanlarının oğurlanması məsələsi yuxarı səviyyədə araşdırılmalıdır: "Araşdırma zamanıl müəyyən etdik ki, həmin hərbi hissənin yerləşdiyi ərazidə əhali arasında belə bir məlumat gəzir ki, hərbi hissəyə gələn ən ucaboylu, cüssəli, sağlam əsgərlər naməlum şəraitdə öldürülür, sonra ya meyidləri gizlədilir, ya da məlumat yayırlar ki, guya intihar edib. Həmin ərazidə əhali bildirir ki, həmin əsgərlərin daxili orqanları da satılır. Orda danışırdılar ki, həmin əsgərlərin daxili orqanları çıxarılandan sonra meyid yaxınlarına verilir və həmin orqanlar donor kimi lazımi yerlərə satılır. Mən deyə bilmərəm ki, bu düzdür, amma ittihamlar varsa, bu məsələ yuxarı səviyyədə araşdırılmalıdır. Əgər şaiyə də olsa belə deyərdim ki, bu bir həyəcan siqnalıdır və araşdırılmasına ehtiyac var". Ələkbər Məmmədov bildirir ki, hazırda hərbi hissələrdə vəziyyət ürəkaçan olmadığından bu faktların mövcudluğu da ürəkaçan ola bilər: "İndi bilirik ki, hərbi hissədə özbaşınalıq, hərc-mərclik var, kim nə istəyir onu da edir. Belə bir vəziyyətdə bu məsələ ölkə rəhbərliyi tərəfindən ciddi araşdırılmalıdır. Çünki od olmayan yerdən tüstü çıxmaz. Ciddi araşdırılsa burada bir çox məsələlər ortaya çıxa bilər. İnanıram ki, ciddi araşdırılsa, həmin fakt təsdiqini tam tapmasa da, nəsə ortaya çıxacaq. Mən məsələ ilə bağlı araşdırma apararkən onu da müəyyən etdim ki, hərbçilər arasında çox böyük bir qorxu var ki, bu məsələ ilə bağlı kim danışsa onu da ölüm gözləyir. Ona görə də hərbçilər orduda baş verən qanunsuzluqları qaldırmaqdan qorxurlar". Ələkbər Məmmədov daha bir faktı açıqlayıb. Bildirib ki, son bir ay ərzində həmin hərbi hissədə 8 əsgər ölüb. Bu biabırçı fakt ciddi araşdırılmalı və bütün cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir: " Pərvin İsgəndərlinin ölümü ilə bağlı heç kimə məlumat verilmirdi, heç nə demirdilər. Mətbuat konfransından sonra Respublika Hərbi Prokurorluğu əsgərin valideynlərini çağırıb onlara məlumat verib. Faktla bağlı 4 əsgərin həbs olunması problemin həlli deyil. Əsgər ölümünə görə hərbi hissə komandirindən tutmuş aşağı komandirlərin hamısı məsuliyyət daşıyır. Yalnız əsgərləri həbs etməklə iş bitmir. Burda dövlət səviyyəsində komissiya işləməlidir. Bu hərbi hissədə qayda-qanun yerində deyil. Orda nəsə baş verib. Deputatları göndərirlər gedir gəlir deyi ki, hərbi hissədə hər şey yaxşıdı. Budur yaxşı? Bir hərbi hissədən bir aya 8 meyid? "Ələkbər Məmmədov deyir ki, əgər hərbi hissədə əsgərlərin orqanlarının satılması faktı varsa, bu bir hərbi hissə komandiri və digər vəzifəli şəxsin işi deyil. Onun sözlərinə görə, bu mafiya tərəfindən həyata keçirilən bir əməliyyatdır.
Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31