"Dinə və dini liderlərinə hörmət etməyən iranlıların bunu Azərbaycandan tələb etməyə mənəvi haqqı yoxdur"
Mübariz Əhmədoğlu: “Bu vaxtadək bütün ədəbsizlikləri, münasibətlərdəki gərginləşməni İran tərəfi başlayıb. Biz müdafiə olunan tərəfik. İran belə davam etsə, taktikamızı dəyişə bilərik”
18 May 2012 15:26 SiyasətSiyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu "Olaylar"a açıqlama verib. Açıqlamada deyilir: " İki ərdəbillinin son bir neçə gündə mətbuata verdiyi açıqlamaya söykənərək İranın ali dini liderinin Dağlıq Qarabağla bağlı fətvasının olub-olmadığını cüzi təhlil edəcəyik:
- birinci hal, Ərdəbildən İran parlamentinin deputatı M.Həqiqətpur İranın Ali dini liderinin Qarabağ torpağının islam torpağı olması barədə fətvalarının olduğunu bildirdi. Bunu həqiqət kimi qəbul etsək, o zaman İranın Ali dini liderinin Qarabağın islam torpağı olması ilə bağlı
fətvasını icra etməyənlərin üç nəfərini sizə təqdim edirik. Bu üç nəfərdən birincisi İranın prezidenti Mahmud Əhmədinejaddır. İranın Ali dini liderinin birbaşa dəstəyi və yaxından iştirakı ilə təyin olunmuş prezident M.Əhmədinejad Ali dini liderin fətva verib İslam torpağı elan etdiyi Qarabağı işğal etmiş, əslən qarabağlı Ermənistan prezidenti S.Sarkisyanla
qucaqlaşıb öpüşməsi hamının gözü qarşısında baş verdi.
İranla Ermənistanın indiki coğrafiyasının dəyişilməyəcəyi bəyanatının da müəllifi həmin prezidentdir. Bu coğrafiya həm tarixi Ermənistan Respublikası ilə İran arasında sərhəddir, həm də bugünkü ermənilər tərəfindən işğal olunmuş ərazilərin İranla yaratdığı sərhədlərin daxil olduğu coğrafiyanı əhatə edir. İranla Ermənistanın eyni mədəniyyətin daşıyıcısı olması tezisinin də müəllifi M.Əhmədinejaddır. Ermənistanın mədəniyyəti işğalçılıq, iri dövlətlərin əlində alət olub qonşulara problem yaratmaqdır. Görünür, İran işğalçılığın və iri dövlətlərin əlində alət olduğunu rəsmən etiraf etmişdir;
- ikincisi, İranın xarici işlər naziri S.Ə.Salehinin Ermənistanda və Ermənistanın xarici işlər naziri ilə İranda keçirdiyi görüşlər zamanı səsləndirdiyi bəyanatlardadır. Bu həmin Salehidir ki, Naxçıvanda üçtərəfli görüş zamanı imza atdığı sənəddə Dağlıq Qarabağ məsələsi ilə bağlı rəsmi mövqeyinin üstündən 10 dəqiqə keçmiş keçirdiyi mətbuat konfransında o
mövqeni təkzib edən bəyanatla çıxış etdi. İran boyda dövlətin özündən 30-40 dəfə kiçik, işğalçı dövlətlə bağlı mövqeyini belə qısa müddət ərzində dəyişməsi hər halda dinə və normal insani davranışa uyğun gəlmir;
- üçüncüsü, İranın Ermənistanda 4 il yarım səfiri işləmiş Saqiyanın fəaliyyəti, funksiyası və davranışı ilə bağlıdır. Ermənistanı müdafiə etmək naminə bu şəxs Ali dini liderlə prezident arasında çaxnaşma salmağa rəvac verdi. İran yeganə dövlətdir ki, onun səfiri təxminən bir sutka ərzində öz prezidentinin Ermənistanla bağlı səsləndirdiyi fikirləri açıq mətnlə təkzib etdi. Təkzib, təbii ki, Ermənistanın xeyrinə idi.
İran parlamentinin üzvlərini, siyasətçilərini və digər şəxslərini Ermənistan kontekstindən tədqiq etməyə ehtiyac görmədik, çünki bu üç hal hər şeyi ortalığa qoyur. İranın Ermənistandakı səfiri İranın xarici işlər naziri və ən nəhayət, İranın prezidenti İranın Ali dini liderinin fətvasını saya salmırsa, belə dini liderin İranın daxilində nüfuzunun miqyasını müzakirə mövzusu etmək olar.
İkinci hal Ərdəbilin imam-cüməsi, İranın ali dini liderinin Ərdəbil Ostanlığı üzrə səlahiyyətli nümayəndəsi Seyid Həsən Amilinin dəfələrlə təkrar etdiyi bir fikridir: "əgər müctəhidlərdən hər hansısa biri fətva versə, mən şəxsən özüm əlimə silah götürüb Qarabağa döyüşməyə gedəcəyəm".
Seyid Amili İranın nüfuzlu dini liderləri içərisində ən gəncidir. Onun Qarabağda döyüşməyə gedib-getməyəcəyi bizim üçün o qədər də maraqlı deyildir. Hər halda İranda dini liderlərin öz balalarını hərbi xidmətdən yayındırmaqla bağlı bəzi addımlarından məlumatımız var, amma onun dediyi başqa bir həqiqəti təsdiq edir: Ali dini liderin və ya İranın fətva vermək
səlahiyyətli müctəhidlərinin Dağlıq Qarabağın işğal olunmuş müsəlman torpağı olması ilə bağlı fətvası yoxdur. İslam dinimizdə torpaq uğrunda müharibənin din uğrunda müharibəyə bərabər tutulduğu, vətəni qorumağın imandan olduğu barədə çoxlu ayələr və mötəbər hədislər mövcuddur. Belə olan halda Azərbaycan torpaqlarınn işğalının başlandığının 25 ili ərzində İrandan dini liderin və ya səlahiyyətli müctəhidin bu torpaqlarla bağlı fətva verməməsi həmin dini lider və müctəhidlər tərəfindən dinimizin əsas mahiyyətini, eləcə də ayrı-ayrı maddələrinin tələbinin pozulması deməkdir. Dinimizin və Qurani-Kərimin ayrı-ayrı ayələrinin tələbinə məhəl qoymamaq dinimizə və Qurani-Kərimə hörmətsizlikdir. Bu hörmətsizlik isə İranın din rəhbərləri tərəfindən nümayiş olunur. Dinə hörmət etməyən dini liderlərin xalq tərəfindən hörmətə malik olması mümkün deyildir. Belə məhəbbət saxta
məhəbbətdir. Eləcə də İranda hər şeyin baş-ayaq getdiyi bir vaxtda, əhalinin sosial-iqtisadi vəziyyətinin ağırlaşdığı bir vaxtda əhalinin liderlərə hörmətlə yanaşması mümkün deyildir. İran adlı məmləkətin dini və icra liderləri nə dinə hörmət qoymurlar, nə də əhalinin vəziyyətini yaxşılaşdırmırlar. Başqa sözlə, nə dini, nə də xalqı saya salmırlar.