Yaponiyanın internet televiziyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günündən danışılıb

Tokioda "World Investors TV"-nin 2015-ci il üçün sonuncu canlı buraxılışı Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, verilişin xüsusi qonağı olan Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti, doktorant tələbə Əlibəy Məmmədov Azərbaycanın milli bayramları haqqında ətraflı məlumat verib. Azərbaycanın coğrafi-mövqeyi, milli bayramları və dövlət əhəmiyyətli günləri haqqında danışan Əlibəy Məmmədov Dünya Azərbaycanlıların Həmrəylik Günü bayramı ilə əlaqədar çıxışında bu günün tarixini və əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildikdən sonra tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz böyük fəxr və qürur hissi ilə bu günü qeyd edirlər. Ə.Məmmədov Azərbaycan diasporunun fəallığını, xaricdəki soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək Azərbaycanın tanıtımı istiqamətində iştirakının vacibliyini də diqqətə çatdırıb. Verilişin produseri İşida Kazuyasu isə bildirib ki, yaponların da belə bir günə ehtiyacı var və Dünya Azərbaycanlılarının Həmrəylik Günü buna çox gözəl nümunə ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31