Qızlar polis olsa…
Kişilərin də işi düzələr
18 May 2012 14:41 Sosial"Artıq 3 ildir ki, polis işləyirəm. Öz seçimim olub və ailədə heç kim mənə qarşı çıxmayıb. Ilk iş yerim Şabran rayonu olub. Indi paytaxtda çalışıram. Kişi polislərlə birlikdə işləyirəm, lakin bu zamana qədər hər hansı diskriminasiya, kobud davranışla rastlaşmamışam. Polislərlə bağlı eşitdiklərimizin hamısı miflərdir, mən iş yerimdə hər hansı pis davranışla rastlaşmamışam"-bu sözləri gənc polis xanım Pərvanə Əzizova deyir. Lakin çox təəssüf ki, bu hər bir qadına arzu etdiyi peşədə çalışmaq nəsib olmur. Bəziləri bunun üçün illərlə mübarizə aparmasına baxmayaraq istəyinə nail ola bilmir. Çünki bizim kimi cəmiyyətlərdə qadının işləməsi heç də normal qəbul olunmur. Məsələdə maraqlı məqamlardan biri də təkcə kişilərin, yox, hətta bəzi qadınların da həmcinslərinin işləməsini normal qəbul etməməsidir. Düzdür, demək olar ki, 50 il bundan əvvələ nisbətən qadınların işləməsi ilə bağlı stereotiplər aradan qalxıb. Lakin problemin tam həllindən danışmaq hələ çox tezdir.
Əgər qadın işləsə...
"Qadının yeri mətbəxdir" insanların qadınların iş yerləri ilə bağlı əsas düşüncəsi budur. Bu cür düşünənlərin fikrincə, əgər qadın işləsə ailədə münaqişələrin sayı daha çox olar. Çünki işləyən qadın kişinin sözünü dinləmir. Yalnız öz istəklərini həyata keçirir. Qadınların işləməsinə qarşı çıxanlar eyni zamanda qadın zehni cəhətdən daha zəif olmasını əsas gətirirlər. Əlbəttə, birmənalı olaraq kişilər, yoxsa qadınlar daha ağıllıdır demək olmaz. Lakin qadınların zehninin daha az inkişaf etməsini əsas gətirənlər, biliyi və savadı ilə bir çox işlərdə kişilərdən öndə olan qadınları unutmasınlar. Ümumiyyətlə, iş prosesində qadınların kişilərdən daha güclü olması fikirləri artıq köhnəlib. Çünki müasir dünyada işlərin idarəsi informasiya texnologiyalarına əsaslanır və bu vasitələrin işlədilməsi üçün də xüsusi bir gücə ehtiyac yoxdur. Ona görə də deyə bilərik ki, qadın və kişi işi anlayışları aradan qalxıb. Qeyd edək ki, stereotiplər sadəcə fiziki güclə yekunlaşmır, eyni zamanda qadının işləməsini onun mənəvi-əxlaqı cəhətdən zərər gətirməsini də düşünənlər var. Həmin düşüncə sahiblərinin fikrincə, əgər qadın işləsə o müxtəlif insanlarla ünsiyyətdə olur və ola bilər ki, bu münasibətlərdən onun əxlaqı da zərər görsün. Bundan başqa işləyən qadınlara qarşı çalışdıqları müəssisə rəhbərləri tərəfindən əxlaqsız təkliflərin də çox olması ilə də əlaqələndirirlər. Əlbəttə, bütün bu fikirlərdə əsas qayənin qadınların işləməsinə sədd çəkməkdən başqa bir şey olmadığı məlumdur. Çünki hansısa təhlükənin ola biləcəyini düşünüb qadınları evdə oturmağa məhkum etmək, onlara vurulan ən böyük zərbədir.
Müəllim və həkim ol
Qeyd edək ki, soz zamanlar qadınların işləməsi ilə bağlı fikirlər müəyyən qədər dəyişib. Bu isə daha çox maddi ehtiyacların artması ilə bağlıdır. Ailə qayğılarının artması kişilərin qadınların işləməsinə imkan yaratmasına səbəb olub. Lakin bir müddət keçir və ehtiyaclar azalandan sonra, kişilər əvvəlki fikirlərinə qayıdır. Yenidən qadağalara başlayırlar. Onu da qeyd edək ki, qadınların işləməsinə icazə verən kişilərin bəzi məhdudiyyətləri də olur. Belə ki, onların fikrincə qadın müəllim, həkim işləyə bilər. Çünki müəllimin qısamüddətli iş saatı, uşaqlarla ünsiyyətdə olması, həkimlərin isə həmçinin dəqiq iş saatı, qadının mənəvi-əxlaqi cəhətdən zərər görməsinin qarşısını alır. Amma bu peşələrlə yanaşı kişilər qadınları dayə, satıcı, bərbər, hətta süpürgəçi görmək istəyirlər. Çox qəribədir, kişilər qadınların elmi işçi, pilot, polis, katibə və s işləməsinə razı olmur, lakin onların başqalarının qarşısında əyilib küçə süpürmələrinə icazə verirlər. Əlbəttə, küçə təmizləmək heç də ayıb deyil, sadəcə kişilərin anlamsız sterotipləri bəzən sadaladığımız işlərdə uğur qazana biləcək qadınların uğurlu karyeralarının elə beşiyindəcə məhv etmələri də acı reallıqdır. Bir qızın bütün arzularının bağlı olduğu hansısa peşə üçün çəkdiyi bütün əziyyətlər kişilərin bir sözü ilə "öldürülür", arzuları ölən bir qadının tam xoşbəxt olmasını gözləmək isə, sadəlövhlük olar.
Oxuma!
Çox təəssüf ki, bu gün hələ də ölkəmizdə qadınların nəinki işləməsinə, oxumasına belə maneə olurlar. Buna əsas kimi "onsuz da işləməyəcəksən, niyə oxuyursan ki" sözləri olur. Beləliklə kişilərin bu qərarı bir qızın həyatını məhv etməyə yetərli olur. Çünki oxumamaq həm də hüquqlarını bilməmək, asılı olmaq, həyatı barədə düzgün qərar verə bilməməkdir. Nəticədə, hüquqlarını bilməyən qadının həyat yoldaşı onu döysə belə, o kiməsə şikayət etməkdən çəkinir. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin paytaxtda və regionlarda 150 qadın və 150 kişi arasında qadınların polis işləməsi, bu istiqamətdəki maneələr və s. istiqamətlərdə apardığı sorğularda həmçinin qadınların ailədaxili zorakılıq zamanı nə üçün polisə müraciət etməmələrinin də səbəbləri araşdırılıb. Aparılan araşdırmlar zamanı müəyyən olunub ki, müraciət etməməyin əsas səbəbləri ailəni dağıtmamaq, ictimai qınaq və s problemlərlə yanaşı, 70% bu sahədə çalışanların əksəriyyətinin kişi olmasını əsas gətirir. Kişilər də ailədaxili münaqişələr zamanı qadınların polisə müraciətinə qarşı çıxırlar. Sorğuda iştirak edən kişi respondentlərin 84%-i ailədə zorakılıq baş verdiyi təqdirdə qadının polisə müraciətinə qarşı çıxıb və əsasən ailənin sirrinin yayılmasını böyük qəbahət hesab edib. Kişilərin 73%-i isə, qadının polisə müraciətinin onun yenidən ailəyə qayıtmasına mane olacağı ilə izah edir.
Kişilərin hakimiyyəti
Ailədaxili zorakılıq halları zamanı qadınların polislərə müraciət edə bilməmələrinin əsas səbəbinin məhz kişi polislərlə bağlı olması qadın polislərə ehtiyacı artırır. Bəlkə də, ailə münaqişələrinin həll olmasının bir yolu da məhz qadın polislərdir. Təzyiqə məruz qalanda qadının heç kimə müraciət edə bilməməsi kişinin hegemonluğunu bir az da artırır. Qadınlar isə yalnız övladlarını itirmək təhlükəsi ilə üzləşəndə polisə müraciət edirlər. Məsələnin bu həddə çatmamaşı üçün onların vaxtında polisə müraciət etmələrinə ehtiyac var. Əlbəttə, öncəliklə onların polislərə inamı olmalıdır. Inam məsələsi qadın polislərin önəmini artırır. Çünki qorxuları olan qadın həmcinsinin dəstəyi ilə özünü güclü hesab edə bilər. Lakin təəssüf ki, bizim cəmiyyətdə qadın polislərə münasibət birmənalı deyil. Çox az bir qisim ailə qızlarının polis işləməsinə icazə verir. Artıq dünyanın bir sıra ölkələrində qadın polislərlə bağlı stereotiplər çoxdan sındırılıb. ABŞ-da ilk qadın polis 1920-ci ildə Alisa Stebbins Uells olub. Yunanıstanda polislərin 12.6%-i qadınlardır, İranda qadınlar xüsusi xidmət orqanlarında da fəaliyyət göstərir və qadın cinayətkarlara qarşı mübarizə aparırlar, Türkiyədə qadınlardan ibarət xüsusi çevik polis dəstələri fəaliyyət göstərir, Daxili İşlər Nazirliyinin son məlumatına görə, ölkənin daxili işlər orqanlarında xidmət edən əməkdaşların 3.5%-i qadınlardır. Lakin bu rəqəm həm azdır, həm də ehtiyacları qarşılamır.
Qadınların gücü çatmaz
Qeyd etdiyimiz kimi, məişət zorakılığı, eyni zamanda bu kimi bir çox problemlərin həllinə kömək edə biləcək qadın polislərə münasibət də birmənalı deyil. Qanunlarda qadınların polis olması ilə bağlı məhduduiyyət olmasa da, ayrı-ayrı insanların düşüncəsində yetərincə stereotiplər var. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin apardığı sorğu zamanı respondentlərdən qadınların polis olması ilə bağlı münasibətlər də öyrənilib. Region üzrə respondentlərin böyük əksəriyyəti polis peşəsini kişiyə daha müvafiq hesab edərək qadının bu peşədə çalışmasının yolverilməzliyini vurğulamağıblar. Bu baxımdan şəhər respondentlərinin əksəriyyətinin bu peşəni hər iki cinsə aid etməsi şəhərdə məsələ ilə bağlı qismən də olsa müsbət dəyişikliklərin mövcudluğunu göstərir. Hətta şəhər üzrə qadın respondentlərin 35%-i, kişilərin isə 20%-nin bu peşədə qadının üstünlüyünü qeyd edib. Onların fikrincə, qadınlar kişilərə nisbətən daha nizam-intizamlıdır, eyni zamanda qadınlar hadisələri daha obyektiv qiymətləndirir. Lakin əldə edilən ümumi göstəricilər bu sahədə stereotiplərin aradan qaldırılmasına təsir edən tədbirlərin tətbiqinə böyük ehtiyacı tələb duyulduğunu göstərir. Belə ki, sorğu iştirakçıları qadınların polis işləməməsinin əsas səbəbini, qadınlar cinayətkarlarla mübarizədə aciz, fiziki baxımdan kişilərdən zəif, iş şəraiti qadınların ailə qurmasına və ailə münasibətlərinə mənfi təsir edə bilməsi, eyni zamanda ictimai qınaq, qadınların təhlükəsizliyi baxımından əlverişsiz olması, qadın daha emosianal olduğundan hadisələri obyektiv qiymətləndirə bilməməsi, həmçinin valideylərin narazılığı ilə əlaqələndiriblər.
Müsbət məqamlar
Sorğudan da göründüyü kimi, istər kişi, istərsə də qadınların əksəriyyəti qadınların polis işləməsinə qarşı çıxır. Lakin qadın polislərin çox olması hər iki cinsin nümayəndələrinin xeyrinə ola bilər. Öncəliklə qeyd etdiyimiz kimi, qadın polislər məişət zorakılığının həllində kömək ola bilərlər.Bundan başqa hətta kişilər də psixoloji zorakılğa məruz qalarkən kişi polislərə deyə bilmədiklərini asanlıqla qadın polislərə deyə bilərlər.
Gülxar Şərif