ANS dəyişəcək
18 May 2012 16:53 SosialMayın 19-dan ANS telekanalının korporativ üslubu dəyişəcək. Bu dəyişiklik həm şirkətin loqotipində, həm də verilişlərin rəngində hiss olunacaq. Dəyişikliklərin ayrı-ayrı detalları mayın 18-də şirkətin təşkil etdiyi mətbuat konfransında açıqlandı. ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev dəyişikliklərin təkcə ANS üçün yox, həm də onun tamaşaçıları üçün önəmli bir hadisə olduğunu bildirdi. O həmçinin şirkətin yaranma tarixindən də danışdı. Daha sonra ANS tv-nin baş rejissoru Antye Dombrovski görülən işlər barədə məlumat verdi. "Dəyişikliklər zamanı yerli mütəxəssislərlə yanaşı, xaricilər də cəlb olunub. Almaniyadan dəvət olunmuş mütəxəssislər telekanalın operatorlarına həm nəzəri, həm də praktik dərslər keçiblər. Yeni dizayn təkcə ANS-i müasirləşdirməyəcək, həm də jurnalistlərin işinə təsir edəcək. Bu sadəcə görünüş dəyişikliyi deyil". Daha sonra şirkətin art direktoru Andreas Btietzke dəyişikliklərdə ən çox diqqət edilən məsələlərdən danışdı. O bildirdi ki, yeni loqotip üçün Şərq üslubu mədəniyyət nümunələri əsas götürülüb. "Bu istiqamətdə axtarış apararkən müəyyən etdik ki, Şərq mədəniyyətində parça, xalça, arxitektura, keramika və hətta mətbəx naxışlarında da romb formasında naxışlar var. Ona görə də yeni loqotipin məhz romb formasında olmasına qərar verdik". A.Btietzke dəyişikliklərin verilişlərə də aid olduğunu bildirdi. "Verilişlərin rəngi müasir və ahəngdarlığı ilə seçiləcək. Bu üsulla tamaşaçılar verilişləri tematik qruplara ayıra biləcək və bu, onlara müəyyən hisslər verəcək. Məsələn, səhər verilişləri üçün seçilən narıncı və sarı rənglər Azərbaycan üzərində doğan günəşi simvolizə edir. Göy rəng neytrallıq, obyektivlik, beynəlxalqlığı simvolizə edir və xəbər verilişlərinin yeni rəngi olcaq. Siyasi verilişlər isə ANS-in əsas rəngi-qırmızı rəngdə olacaq. Həmçinin korporativ üslubda romb və qradient -bir rəngdən digərinə, yaxud şəffaflığa keçiddən də istifadə olunub". Daha sonra şirkətlər qrupunun prezidenti Vahid Mustafayev çıxış edərək dəyişiklik işlərinə ötən ildən başlandığını bildirdi. "ANS şirkətlər qrupuna daxil olan hər bir şirkətin öz forması vardı. Lakin biz qərara gəldik ki, bütün dizayn tamamlanaraq, vahid bir forma hazırlansın. Həm də yeni loqotipdə köklərimizə bağlılıq, eyni zamanda müasirlik əks olunmalı idi. Belə də oldu, yəni əgər loqotipin forması milli naxışdırsa, verilişlərin rəngində müasir çalarlardan istifadə olunub". V.Mustafayev həmçinin iyun ayından telekanalın verilişlərinə on-layn rejimdə baxmağın mümkün olacağını bildirdi. İnternet saytda da müəyyən dəyişikliklər olacaq.
Qeyd edək ki, şirkətin yeni loqotipindəki romb-şərq naxışının əsas tərkib hissəsi, üç romb birlikdə-naxışın hissəsi, üç romb-qutu, televizor və kameranın əsas forması, qutu-onu açmaq ümükündür və içində hər zaman nə isə yeni, çoxdan gözlənilən, süpriz nə isə olur- mənalarını ifadə edir.
Gülxar Şərif