Gənclər “Sığortalı gələcək” layihəsinə yekun vurdu

Rauf Mərdiyev: “Layihəsinin əsas məqsədi əhali, xüsusilə gənclər arasında sığorta ilə bağlı maarifləndirmə işinin aparılması olub”

Mayın 18-də "Gənc Liderlər üçün Qış Universiteti-Sığortalı gələcək" layihəsinin bağlanış mərasimi ilə bağlı tədbir keçirildi. Tədbirdə çıxış edən İrəli İctimai Birliyinin sədri Rauf Mərdiyev layihə barəsində məlumat verdi. Bu ilin fevral ayında Qəbələdə keçirilən layihədə ümumilikdə 110 nəfər gənc iştirak edib. 5 gün müddətində planlaşdırılan Qəbələ turunda iştirakçılara sığorta sistemi haqqında ətraflı məlumatlar verilib: "İrəli İctimai Birliyi, Maliyyə və Gənclər və İdman Nazirliklərinin birgə layihəsi olan"Gənc Liderlər üçün Qış Universiteti-Sığortalı gələcək" layihəsi digər layihələrdən fərqlənir. Belə ki, adından da göründüyü kimi bu layihədə gənclər sığorta sistemi haqqında ətraflı məlumatlar əldə etdilər. Sığortalı gələcək" layihəsinin əsas məqsədi əhali, xüsusilə gənclər arasında sığorta ilə bağlı maarifləndirmə işinin aparılması, əhali arasında sığorta mədəniyyətinin yüksəldilməsi, cəmiyyətin diqqətinin sığorta məsələlərinə çəkilməsi, sığorta işinin əhaliyə daha fərqli və kreativ üsullarla çatdırılması olub. Nəzərinizə çatdırım ki, İrəli İctimai Birliyi 2009-cu ildən qış və yay universiteti layihələrinə start verib. Ümumilikdə bu istiqamətdə 6 layihə həyata keçirilib. Layihədən yararlananlar 600 nəfər təşkil edib. Bu layihələri keçirməkdə əsas məqsəd gənclərin bilik və bacarıqlarının artırılmasına kömək olmaq, potensialı olan gənclərin aşkar olunmasına yardım etməkdir. Bu layihələrdə gənclərin lider bacarığını aşkarlanır. Onlar bir araya gələrək müxtəlif istiqamətlərdə fikir mübadiləsi aparırlar". R.Mərdiyev rəhbərlik etdiyi təşkilatın ölkəmizdə keçirilən Avroviziya Mahnı Müsabiqəsində bir sıra öhdəliklərinin olduğunu dedi. Bildirdi ki,  müsabiqəyə 1200 nəfər könüllü cəlb olunub. Onların arasında İrəli İB-nin üzvləri də var. Tədbirdə çıxış edən Maliyyə Nazirliyinin Nümayəndəsi, Bakı Şəhər Gənclər və İdman baş İdarəsinin rəisi Raqif Abbasov məzunlara uğurlar arzuladı. Tədbirin sonunda layihə iştirakçılarına diplomlar verildi. Layihə çərçivəsində çəkilmiş filmin təqdimatı keçirildi.

Ədil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31