Təsisçi baş redaktoru işdən qovdu
MŞ-nin Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
18 May 2012 18:34 SosialAzərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, iclasda 4 mətbu nəşrlə bağlı müraciət araşdırılıb. Azərbaycan Müəllimlər İnstitunun Qazax filialının "Ədalət tribunası" qəzeti ilə əlaqədar şikayətinə baxan komissiya mətbu nəşrin baş redaktoru Aynur Babayevanı məsələnin müzakirəsinə dəvət etsə də, adıçəkilən şəxs` naməlum səbəbdən iclasa qatılmayıb. Komissiya müraciətdə ifadəsini tapan məqamları, şikayət doğuran yazını və eləcə də qəzetdə gedən digər materialları nəzərdən keçirərək rəyə gəlib ki, "Ədalət tribunası"nın fəaliyyətində "reket jurnalistika"ya xas cəhətlər üstünlük təşkil edir. Buna görə də məsələnin Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında da araşdırılmasına zərurət duyulur. "Rakurs" qəzetinin təsisçisi Yaşar Paşayev üçüncü məsələnin müzakirəsində qarşı tərəfin - Quba Dövlət Sosial-İqtisadi Kolleci rəhbərliyinin bu nəşrlə bağlı iddiasını əsaslı sayıb. O məlumat verib ki, etik prinsiplərin tələblərinə dəfərlərlə sayğısızlıq göstərildiyinə görə qəzetin baş redaktoru Şakir Eyvazovu tutduğu vəzifədən azad edib. Ağdam Rayon İcra Hakimiyyəti ilə "Seans" qəzeti arasında anlaşma əldə olunduğuna görə məsələ həllini tapmış sayılıb. Komissiya "Yüksəliş naminə" qəzetində gedən "Jurnalistlər binasındakı mənzillər bölüşdürülüb" sərlövhəli yazı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müraciətini də nəzərdən keçirib. Belə rəyə gəlinib ki, materialda qarşı tərəfin ünvanına kifayət qədər ciddi ittihamlar səsləndirilib. Bu baxımdan da məsələnin komisiyanın növbəti iclasında tərəflərin iştirakı ilə müzakirəsi məqbul sayılıb.