Bakıda hava

Sosial

Erkən nikah niyə artır?

 

Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaşın həddini keçmədən qurulan bütün ailələri əhatə edir. Belə ailələrin sayı konkret bilinməsə də, dövlət rəsmilərinin, bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatlarının dilə gətirdikləri narahatlıqlar bu rəqəmin hədsiz çox olduğunu yazmağa əsas verir. UNICEF-in Azərbaycanda həddi-buluğa çatmayanlar arasında nikahların sayının artmasından narahatlıq ifadə edən hesabatında bildirilir ki, Azərbaycanda aparılan araşdırmalar bu təbəqədə hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini göstərir.
“Qadın və Sağlamlıq” jurnalının baş redaktoru, gender məsələləri üzrə ekspert Sevda Məmmədova erkən nikahlarla bağlı suallarımızı cavablandırıb.

-Sevda xanım, Azərbaycanın daha çox hansı bölgəsində erkən nikaha daxilolmalara rast gəlinir?

-Çox vaxt belə deyirlər ki, daha çox cənub bölgəsində qızların erkən yaşda ailə qurması hallarına rast gəlinir. Ancaq mən apardığım araşdırmalara əsasən deyə bilərəm ki, Azərbaycanın hər yerində erkən nikahlara rast gəlmək mümkündür. Hətta paytaxt Bakının özündə də erkən nikahlara rast gəlmək olur.

-Qızların erkən yaşda ailə qurmasının əsas səbəbləri nədir?

-Qızlarını erkən yaşda ərə verən ailələr bunu maddi çətinliklə bağlayırlar. Lakin araşdırmalar göstərir ki, maddi çətinlik məsələsi sadəcə olaraq bəhanədir. Maddi vəziyyəti yaxşı olan ailələr də qızlarını erkən yaşda ərə verirlər. Hətta icra hakiminin də qızını erkən yaşda ərə verməsinə rast gəlmişəm.
Araşdırmalarımız onu göstərir ki, qızlarımızın erkən yaşda ailə qurması artıq dəb halını alıb. Qızlarını erkən yaşda ərə verən valideynlər düşünürlər ki, qızımızı erkən yaşda ərə verməsək daha ərə verə bilməyəcəyik, “evdə qalacaq”. Bu da əsas səbəblərdən biridir.  Erkən yaşda nikaha daxilolma sosial problemdir.

-Bu problemi aradan qaldırmaq üçün hansı tədbirləri görmək lazımdır?

-Bunu yaradan səbəbləri öyrənib, təhlil edib aradan qaldırmaq lazımdır. Bunu aradan qaldırmağın yolları bir neçə yerə şaxələnir. Bu bir tərəfdən valideynlərə qarşı qoyulan sanksiyaların artırılmasıdırsa, ikinci bir tərəfdən maarifləndirmə kampaniyalarının aparılmasıdır.

-Araşdırmalarınız bu məsələdə hansı problemləri üzə çıxarıb?

-Araşdırmalara görə, ana və uşaq ölümlərinə, qadın xəstəliklərinə əksər hallarda erkən yaşda ailə quran xanımlarda rast gəlinir. Əgər valideynlər arasında bu yöndə maarifləndirmə işləri aparılarsa, mənə elə gəlir ki, valideynlərin çoxu qızlarını erkən yaşda ərə verməkdən imtina edər. Boşanmaların əksəriyyəti də erkən yaşda qurulan ailələrdə baş verir. Bunları cəmiyyətə göstərmək lazımdır. Cəmiyyət görməlidir ki, həmin insanlar necə əziyyət çəkirlər. Onlar boşandıqdan sonra heç buir təhsilləri olmadığı üçün artıq pul qazanmaq üçün əxlaqsızlığa düçar olurlar yaxud nökərçiliklə məşğul olurlar. Çox hallarda da onlar çıxış yolu tapa bilməyərək intihar edirlər. Bu da cəmiyyətin başqa bir bəlasıdır.
Biz istəyirik ki, dövlət orqanlarında, yüksək vəzifələrdə çalışan qadınlarımızın sayı artsın. Ancaq bu gün qızlar təhsil almırlar, erkən yaşda nikaha daxil olurlarsa biz sabah kimkləri dəvət edə bilərik bu cür işlərə.
Başqa bir problem isə odur ki, həmin qadınlar gələcəyin analarıdır və onların heç bir təhsili yoxdursa, onlar öz övladlarına necə tərbiyə verə bilərlər.

-Erkən nikahlarda əsas məsuliyyət kimin üzərinə düşür?

-Mən düşünürəm ki, burda tək məsuliyyət valideynin üzərinə düşməməlidir, həm də orta məktəbin məsuliyyəti olmalıdır. Mənim öz oxuduğum məktəb dövrümdən xatırlayıram ki, o zaman sinif rəhbərləri dərsə gəlməyən şagirdlərin arxasınca gedirdilər. Mənim əldə etdiyim məlumata görə hazırda bir çox valideynlər məktəb direktorları ilə “razılaşırlar” ki, mənim övladım dərsə gəlməsin. Çünki artıq nişanlıdır. Mən hesab edirəm ki, bununla bağlı bir ictimai qınaq olmalıdır.
Mən orta məktəbdə oxudum dövrdə əgər hansısa qız yüngül hərəkətlər edirdisə digər şagirdlər ondan uzaq durmağa çalışırdılar, onunla danışmırdılar. Amma bu gün təəssüf ki, 13 yaşlı qız nişanlanır və hər kəs onun ətrafına toplaşır, ondan nəsə öyrənməyə çalışır. Cəmiyyət özü bu yaranı sağaltmağa meylli olmalıdır.

***

Həkim ginekoloq Naibə Həsənova erkən nikaha daxil olmanın yarada biləcəyi tibbi problemlərlə bağlı fikirlərini bildirib.
N.Həsənovanın sözlərinə görə, radiasiya ilə əhatələnmiş bir mühitdə yaşadığımıza görə gənclərdə cinsi yetişkənlik daha tez baş verir. Naibə Həsənova bildirir ki, əgər əvvəlki dövlərdə erkən ailə quran qızlarda uşaq dünyaya gətirmə ilə bağlı problemlər daha çox yaşanırdısa indiki dövrümüzdə artıq 15-16 yaşlı qızlar normal və sağlam şəkildə uşaq dünyaya gətirə bilirlər. Çünki onlarda cinsi yetişkənlik erkən yaşlardan inkişaf edir. Lakin bəzən elə hallar da olur ki, 20-21 yaşında qızlarda cinsi yetişkənliyin inkişafı gecikir və onlar gələcəkdə ailə quranda da ana olmaq, uşaq dünyaya gətirməklə bağlı problemlər yaşayırlar.
Erkən nikaha daxilolmanın yaratdığı mənəvi problemlərilə bağlı psixoloq Dəyanət Rzayev “Olaylar”a fikirlərini bildirirərkən qeyd edib ki, hazırda gənclərin erkən nikaha daxil olması narahatedici problemlərdən biridir. Qızlar 15-16 yaşına çatanda ataları, qardaşları düşünürlər ki, bu vaxta qədər qızın qeyrətini çəkdik, indi də ərə getsin əri qeyrətini çəksin. D. Rzayev hesab edir ki, tibbi baxımdan 15-16 yaşlı qızlar ailə qurmağa hazır olsalar da mənəvi bu mümkün deyil. Psixoloqun sözlərinə görə erkən yaşda ailən quran gəncləri daha çox valideynləri  buna məcbur edirlər. D. Rzayev düşünür ki, qızlar təhsil almalıdırlar, dünyagörüşlərini artırmalıdırlar ki, ailə quranda da həyat yoldaşları ilə ünsiyyət qurma bacarığı formalaşsın.
 


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  






Xəbər lenti

Arxiv

Avqust 2014
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

































KATEQORİYALAR