Şəhidliyin düyün havası...
Qarabağ savaşının qəhrəmanlıq salnaməsinin əsas obrazlarından biri Nurəddin Yolçuyevdən danışırıq
8 May 2014 13:28 SosialƏyil. Qulaq as. Səssiz dayanan bu daş bədənlər Vətən qəlbinin döyüntüsüdür. Nəhayətsiz, kölgəsiz yolun sonunda can verənlərin yatdığı yerdir. Vətən torpağının bir parçası üçün düşməni can selinə boğanların dünyasıdır. Hürriyyətin həzzini dadanların məskənidir. Nurəddinin öz dünyasıdır. Ruhun bədənə qarşı zəfərinin şəhidlik abidəsidir Nurəddin. Qanı ilə düşmənə divar hördü. "Dayan" dedi, Vətən sərhədi rahat keçilməz! Təkcə silahının deyil, böyük inam və inancının qazandığı qələbəsidir. Düşmən başa düşməli idi, qarşısındakı azərbaycanlıdır, Azərbaycan əsgəridi. Asan icazə verərdi düşmənin torpağını almasına? Qarabağ savaşında insanlığa düşmən kəsilənlərə bəşər dərsi keçdi. Biz bu müharibədə erməninin də insan olduğunu unutmadıq. Yaralısını diriltdik, o isə yerindən qalxan kimi silahını çevirib Nurəddini - bizi vurdu. Qarabağı itirdik. Amma bir də Nurəddin kimi son hıçqırıqlı nəfəsinədək Vətəni qorumaq andına sadiq qalan qəhrəmanlarla igidlik salnaməsi yazdırdıq. Qarabağ savaşı təkcə qaysaqsız yaramız yox, həm də Vətənə sevginin tərənnümüdür. Bəlkə də Qarabağ müharibəsi bəşəriyyətin gördüyü son qəhrəmanlıq, insanlıq dərsidir. Biz bunu Nurəddinlə geri qaytarmaq üçün edəcəyimiz ikinci müharibədə təkrarlayacağıq. Bədənini vətən sevgisinə alışdırdı. Anası ya qazi, ya şəhid olması üçün göndərdi. Belə nəsihət edib göndərdi. Ziyarətinə getdiyi Vətən torpağı qucaqladı. Qədəmlərinin basıldığı hər qarışına düşən qar dənəciyi, hər yağış damlası qanıyan torpağın qan qoxusunu yüksəldirdi. Nurəddin susamışdı. Gəncliyinə yox, öz torpağında ona qan udduran düşmənin həyasızlığına susadı. Şəhid oldu. Şəhidliyi düyün havası idi Nurəddinin ölümü. O həm də qəhrəman idi axı. "Vətən borcu namus borcudur" - anası belə öyrətmişdi. Qarşılıqsız bayrağı, Allahı və Vətəni sevdirmişdisə, bədənini şəhidlik ruhuna qurban verməyi də öyrətmişdi. Sevə-sevə can verməyi öyüd etmişdi. Al yazmalı anasının övladı idi. Mələklər şəhid olacağını müjdələyənədək sədaqətinə sadiq idi. Şəhidlər həm də ölmürlər axı. Şəhid anası acı çəkməz. Şəhid cənnət bağlarının baş tacıdır. Necə öldü deyə bilərlər? Şəhidlər ölməz, Azərbaycan əsgəri ölməz, Nurəddin ölməz. Biz onunla Qarabağ almağa gedəcəyik. Özü söz verib. Səngərdədir. Bizi gözləyir. Yox, şəhidlər ölməz. 50 milyonun gül budağıdır şəhidlər. Şəhidlik qəhrəmanlıqdır, bir millətin görən göz bəbəkləridir. Nurəddinlə görürük. Qarabağ savaşının qəhrəmanlıq salnaməsinin əsas obrazlarından biri Nurəddin Yolçuyevdən danışırıq.
Quzanlı-Arxangelsk-Bakı
1963-cü ildə Ağdamın Quzanlı kəndində doğulub. Orta məktəbi əla qiymətlərlə bitirsə də Nurəddin nədənsə, ali məktəbə qəbul olmaq istəməmişdi. O, bunu vaxt itirmək kimi dəyərləndirirdi. Hərçənd ki, o çox savadlı idi. Müəllimləri bu çalışqan oğlanı çox sevirdilər. Hərbi xidmətini Almaniyanın Düsseldorf şəhəri və Əfqanıstanda keçib. Əsgərliyə getməmişdən qabaq anası Zəhra xanım Nurəddinə: "Bala, harada olursansa, ol! Vətəninin, xalqının adını uca tut. Vətəndən uzaqlarda sən həm də millətini təmsil edirsən axı. Sənin atan da Kəlbəcər dağlarından Berlinə qədər şərəfli yol keçib" - demişdi. Hərbi xidmətində Nurəddin bütün silah növlərinin sirlərinə kamil yiyələndi. Hərbi xidmətini baş vurub Azərbaycana qayıtdı... Ali təhsil almaq həvəsinə düşən Nurəddini qəzetdə təsadüfən gözünə sataşdığı "Komsomol putyovkası ilə Arxangelsk vilayətinə..." elanı Rusiyaya aparır. Həm işləmək, bununla bərabər təhsil almaq üçün Arxangelskə gedir. Burada Meşə Təsərrüfatı İdarəsinə düzəlir. İşləyə-işləyə 1989-cu ildə Arxangelsk Meşə Təsərrüfatı İnstitutuna daxil olur. Lakin 1990-cı il 20 Yanvar hadisələri Nurəddini Azərbaycana təcili dönüş etdirir. Bakıya gəlir. Həmin vaxt Qaradağda başlayan müharibə Nurəddini geri qaytarmağa qoymur. Gedə bilməzdi. Heç özü də bunu istəmirdi. Vətən sevgisi arzularına güc gəlir, üzərindən xətt çəkdirir. Könüllü olaraq Qarabağa - müharibəyə yollanır.
Ölümsüzlüyə gedən yolda
1991-ci ildə Naxçıvanik, Aranzəmin, Ağbulaq uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərir və ağır yaralanır. Təcili Bakıya hərbi hospitala gətirilir. Yaralanması barədə Nurəddinin tələbilə ailəsinə xəbər verilmir. Sağalar-sağalmaz yenidən cəbhəyə qayıdır. "Kötəl" batalyonunda döyüşməyə başlayır. Döyüş yoldaşları onun barəsində yazdıqları rəylərdə qeyd edirdilər ki, bütün növ silahlardan məharətlə istifadə edən və döyüş texnikasından əla baş çıxaran Nurəddinin özünəməxsus döyüş taktikası vardı. Əksər hallarda kəşfiyyat xarakterli döyüşlərdə iştirak edir, düşmənə ilk zərbəni özü endirirdi. Nurəddin Yolçuyev 1991-ci ilin noyabrından 1992-ci ilin oktyabrın 22-nə kimi Ağdamda fəaliyyət göstərən "Fred" ləqəbli Asif Məhərrəmovun başçılıq etdiyi özünümüdafiə batalyonunda, sonra isə Ərşad Nadirovun "General Ərşad" batalyonunda döyüşür. 1992-ci ilin iyul ayında Ağdərənin Sırxavənd, Kican kəndləri uğrunda gedən döyüşlərdə böyük igidlik göstərir. Sırxavənd əməliyyatında 3 döyüş yoldaşı ilə birlikdə ermənilərin bir ədəd PDM-1-ni ələ keçirib əməliyyatı idarə edən Şirin Mirzəyevə təhvil verir. Həmin əməliyyatda 1 döyüşçü yoldaşı ilə birlikdə 3 ermənini öldürür. 21 nəfəri isə əsir götürür. Həmin vaxt Kican əməliyyatında isə düşmənin 1 ədəd TŞK markalı pulemyotunu ələ keçirir. Döyüşçü yoldaşlarının yazılı məlumatlarından məlum olur ki, Nurəddin iştirak etdiyi 30-a qədər əməliyyatda 51 nəfər düşməni məhv edib. Onlarla döyüşçünü isə əsir götürüb. Əsir düşən azərbaycanlı əsgərləri xilas edib. Onlarla şəhid cəsədlərini düşmən əhatəsindən çıxarıb. 1992-ci ilin sentyabrında Gülablı əməliyyatı vaxtı 2 nəfər döyüşçü yoldaşı ilə birlikdə daha 1 PDM-1 markalı döyüş maşınını məhv edib. Həmin vaxt Fərrux təpələrində mövqe tutmuş ermənilər Qazançı və digər Azərbaycan kəndlərini intensiv şəkildə güllə yağışına tuturdular. Təpələrin geri qaytarılması üçün əməliyyat hazırlanır. Əməliyyat dəstəsinin qabağında gedən Nurəddin döyüş maşınına qoşduğu mahnını qabaqda gedən PDM-ə müraciətlə:
Qoru məni əzizim,
Düşmənin gülləsindən, sözündən!
Alçağın hiyləsindən, özündən,
Bir də özüm-özümdən qoru!
1992-ci ilin oktyabrında isə Əliağalı kəndində keçirilən əməliyyatda minaya düşərək şəhid olur.
Əsl döyüşçü nümunəsi
Xidmət etdiyi batalyon komandirliyinin təqdimatı əsasında Ağdam rayon İcra Hakimiyyəti tərəfindən qəhrəmanlıqlarının qeyd olunması haqqında 18.03.1993-cü il tarixdə Müdafiə Nazirliyinə təqdimat yazılır. Təqdimatda deyilir: "Yolçuyev Nurəddin Novruz oğlu həqiqətən şərəfli bir döyüş yolu keçmiş, torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda şəhid olmuşdur. Onun mübarizə yolu gənc nəsilə, xüsusilə döyüşçülərimizə nümunədir". ("Hünər" qəzeti, 24.11.1991. N:04).
Yoldaşları Nurəddin haqqında
Alay komandiri Ərşad Nadirov və qərargah rəisi Rəhim Ağayevin Müdafiə Nazirliyinə yazdığı təqdimatdan: "1992-ci ildə Sırxavənd-Kican əməliyyatı zamanı Nurəddin Yolçuyevin xidmət etdiyi alay xüsusi hünər göstərdi. Əməliyyat zamanı N.Yolçuyev ön cərgədə olmuş, düşmənə sarsıdıcı zərbə endirmişdir. 1992-ci ilin 22 iyununda Qazançı uğrunda gedən döyüşlərdə Nurəddin əvvəlki kimi yenə ön cərgədə irəliləyirdi. Məhz onun qəhrəmanlığı nəticəsində bir neçə əsgərimiz düşmən əsirliyindən xilas edildi. Vaxtilə Almaniya və Əfqanıstanda hərbi xidmətdə olmuş Nurəddin Yolçuyev müharibənin nə demək olduğunu yaxşı bilirdi. Orada topladığı təcrübəni məharətlə düşmən qüvvələrinə qarşı yönəldirdi. Bütün bunları nəzərə alıb azadlığımız naminə son damla qanınadək mübarizə aparan Nurəddin Yolçuyevə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verməklə onun qəhrəmanlığını, əməyini qiymətləndirmiş olarsınız". ("Azərbaycan Ordusu" qəzeti", 27.11.1992, N:57). Nurəddinin anası Zəhra Yolçuyeva da 1994-cü ilin noyabrında Azərbaycanın o vaxtkı prezidenti, ümummilli lider Heydər Əliyevə müraciət edərək, qəhrəmanın torpaqlarımız uğrunda çəkdiyi əziyyətin layiqincə qiymətləndirilməsini istəyib ("Hünər" qəzeti, 24.11.1991. N:04). N saylı Hərbi Hissənin 4-cü batalyonunun komandir müavini Ağayev Rəhim (23.04.92), 4-cü batalyonunun 2-ci rota komandiri Mustafayev Azər (23.04.92), 4-cü batalyonun 1-ci rota komandiri Sultanov Kənan (23.04.92), 4-cü batalyonun 1-ci rotasının 2-ci zvod komandiri Ağayev Yaşar (23.05.92), 4-cü batalyonun 1-ci rotasının 1-ci zvod komandiri Əliyev Fələstin, hərbi hissənin 4-cü tabor komandiri Məlikov Abbas (02.02.94) və b. da yazılı rəylərində Nurəddin Yolçuyevin Qarabağ müharibəsindəki qəhrəmanlıqlarını təfərrüatı ilə diqqətə çatdırırlar. "Nurəddin müharibənin ən qızğın yerində arzulanan döyüşçü olub. Əsl qəhrəmanlara isə həmişə ehtiyac var" - döyüş yoldaşları Nurəddin haqqında yazırdılar.
Can xərcləmək
Can şirin olur. Xərcləmək çətindir. Həyatını şəhidlik kimi dəyərləndirmək hər adamın işi də deyil. Ələlxüsus da üstünə bir də qəhrəmanlıq, cəsarət möhürü vurdurasan, bu tamam başqa nümunədir. Qorxaqlar həmişə var. Tarixi torpaqları düşmən əlində olan cəmiyyətin Nurəddin kimi nümunələrə ehtiyacı var. Cücərməsi üçün toxum kimi səpmək lazımdır. Qəhrəmanlar yaradılmır, qəhrəman olunur. Yetişdirilir. Nurəddin kimi qəhrəmanları yetişdirən bir cəmiyyətin hər hansı bir cəbhədən geri çəkilməyə haqqı varmı? Yox!
Mənsur Rəğbətoğlu