Beynəlxalq Dağçılıq Federasiyasının sabiq prezidenti “ClimBaku” açılışında

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərliyinin dəvəti ilə mayın 7-dən Bakıda səfərdə olan Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) sabiq prezidenti Mayk Mortimer bu gün yeni inşa olunmuş "ClimBaku" Dırmanma Mərkəzinin açılışında iştirak edib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırov və gənclər və idman naziri Azad Rəhimov da iştirak edib, mərkəzlə yaxından tanış olub, FAİREX-in idmançılarının məşqlərini izləyiblər.
Daha sonra "ClimBaku" Dırmanma Mərkəzinin saytının (www.climbaku.az ) təqdimatı keçirilib. Tədbirin sonunda Hüseyn Bağırov, Azad Rəhimov və Mayk Mortimer 21-22 aprel tarixlərində keçirilmiş "Ümid-2" boulderinq yarışının qaliblərinə FAİREX-in diplomunu, qayayadırmanma üzrə 3-cü dərəcə və müvafiq döş nişanlarını təqdim ediblər.
Xatırladaq ki, səfər proqramı çərçivəsində Mayk Mortimer mayın 11-də FAİREX-in ofisində federasiyanın aktiv idmançıları, mayın 14-də Gənclər və İdman Nazirliyində nazir müavini İsmayıl İsmayılovla və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşüb. Görüşlərdə xüsusilə son zamanlar ekstremal idman növlərinə gənclər arasında marağın artdığı Mayk Mortimer diqqətinə çatdırılıb. Mayk Mortimer də öz növbəsində Azərbaycanın beynəlxalq idman aləmində görkəmli yer tutduğunu, Azərbaycandakı təbii şəraitin dağçılıq idman növləri ilə məşğul olmaq üçün böyük imkanlar yaratdığını qeyd edib, gənclərin bu idman növünə marağının artdığını müsbət qiymətləndirib. Eyni zamanda yüksək səviyyəli idman yarışlarının keçirilməsi üçün Azərbaycanın geniş imkanlarının olduğunu da bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31